All posts by TahirTalibli

About TahirTalibli

Həyatı Tahir Maşayev (Talıblı) 1948-ci ilin fevralın 22-də Ermənistanın Kalinino rayonunun Evli kəndində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirmişdir. Sonra təhsilini APİ-nin fılologiya fakültəsində davam etdirmişdir (1968-1972). Həmin ildə əmək fəaliyyətinə doğma kəndində dil-ədəbiyyat müəllimi kimi başlamış, sonra isə orta məktəbin direktoru işləmişdir (1972-1988). Erməni ekstremistlərinin təhdid və təzyiqi üzündən dədə-baba yurdunu tərk etməyə məcbur olmuşdur (1988). Həmin ildən Bakı şəhərində yaşayır.Ailəlidir,3 övladı var. Fəaliyyəti 1970-ci ildən poetik əsərlərini, dövri və publisistik yazılarını mətbuatda çap etdirmişdir. İlk şeirləri "Azərbaycan gəncləri" qəzetinin səhifələrində dərc olunmuşdur. "Yeni fikir" qəzetinin əməkdaşı, sonra həmin qəzetin baş redaktoru işləmişdir (1992-1993). Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində Radio verilişləri redaksiyasının Güney Azərbaycanı şöbəsində redaktor vəzifəsində çalışmışdır (1993). 1993-cü ildən isə Azərbaycan radiosunda "Xalq yaradıcılığı" redaksiyası yaradılıb.Redaksiya iki şöbədən: "Xalq yaradıcılığı", "Sənət və etnoqrafıya'" şöbəsindən ibarətdir. Xalq yaradıcılığı redaksiyasında müxtəlif tədqiqat xarakterli verilişlər efirə çıxır. "Bulaq", "Gündoğandan günabatana", "Yazıya pozu yoxmuş", "Xeyrə qənşər", "Aşıq gördüyün çağırar" ,"Yerin-yıırdun adın andım", "İlmə", "Şirvan nəfəsi", "Divani saz-söz moclisi", "Dastan saatı", "Qərib axşamlar", "Şirvan şikəstəsi", "Tərəkəmə" folklor rəqs toplusu, "Yurd yeri", "Soyumuz-soykökümüz" Irəvan Cuxuru kimi verilişləri yarandığı gündən dinləyicilərin diqqət və marağını qazanıb. 1969-cü ilin noyabrında ilk dəfə efirə çıxan "Bulaq" verilişi istedadlı yazıçı Mövlud Süleymanlı tərəfindən yaradılıb, araya-ərsəyə gəlib. 32 illik bir ömrü yaşayan "Bulaq" verilişi 1993-cü ilə qədər "Ədəbiyyat" redaksiyasının tərkibində fəaliyyət göstərib. Artıq 15 ilə yaxındırki Tahir Talibli "Bulaq" verilişinin ssenari müəllifidir. "Xalq yaradıcılığı" redaksiyasının verilişlərində xalq yaradıcılığının müxtəlif sahələri araşdırilir, etnoqrafiyamızla, soykökümüzlə, toponimlərimizlə, tarixi adlarımızla, qədimliyimizlə bağlı araşdırmalar səslənir.Azərbaycan radiosıınun "Xalq yaradıcılığı" redaksiyasının verilişlərində dünyaya səpələnən ayrı-ayrı türk xalqlarının, türk soylarının folklor niimunələrindən geniş söhbət açırlar. Üzü Şumerdən bəri gələn Şu, Bilqamış, Dədə Qorqud, Koroğlu, alpamış Koblantı Batır, Ural-Batır, Altun Arıq, Manas kimi dastanlar ümumtürk varlığının dünya üstündəki varlığı kimi verilişlərin əsas mövzusudur."Ustad nəfəsi", "Divani saz söz məclisi", "Dastan saatı"Irəvan Çuxuru,Yurd yeri verilişlərində aşıq sənətimiz yaradıcı şəkildə araşdırılır."Xalq yaradıcılığı" redaksiyasının baş redaktorudur. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 10.11.2011 tarxində “Əməkdar Jurnalist” adi ilə təltif olunub Televiziya filmləri "Aşıq Məhəmməd Sadaxlı" (2003) Filmin üzərində İşləyənlər :: Ssenari Müəllifi : Tahir Talıblı : Rejissor : Miri Rzayev : Operator : Adil Abbasov , Mahir Cahangirov : ... 2 KB (146 sözlər) - 09:29, 27 Aprel 2008 "At igidin qardaşıdır" (2002) Filmin üzərində İşləyənlər :: Ssenari Müəllifi : Tahir Talıblı : Rejissor : Oqtay Əlizadə : Operator : Oqtay Əlizadə , Ziya Babayev : ... 2 KB (144 sözlər) - 11:16, 21 May 2008 "Deportasiya" (2001) Filmin üzərində İşləyənlər :: Tahir Talıblı : Rejissor Assistentləri : Mikayıl Nəsirov , Vasif Məmmədzadə : Operator Assistenti : Vaqif ... 3 KB (231 sözlər) - 12:26, 10 May 2008 "O quzeylər" (2000) Filmin üzərində İşləyənlər :: Tahir Talıblı : Assistent : Ruslan Vəliyev : Montaj edən : Rauf Sultanov : Direktor : Valeh Həsənli (Valeh Həsənov ... 2 KB (149 sözlər) - 06:54, 26 Avqust 2008 "Deportasiya". V Film (film) Filmin üzərində İşləyənlər :: Tahir Talıblı : Rejissor Assistentləri : Mikayıl Nəsirov , Vasif Məmmədzadə : Operator Assistenti : Vaqif ... 2 KB (166 sözlər) - 18:45, 2 May 2008 "Deportasiya". IV Film (film) Filmin üzərində İşləyənlər :: Tahir Talıblı : Rejissor Assistentləri : Mikayıl Nəsirov , Vasif Məmmədzadə : Operator Assistenti : Vaqif ... 2 KB (166 sözlər) - 18:45, 2 May 2008 "Deportasiya". III Film (film) Filmin üzərində İşləyənlər :: Tahir Talıblı : Rejissor Assistentləri : Mikayıl Nəsirov , Vasif Məmmədzadə : Operator Assistenti : Vaqif ... 2 KB (166 sözlər) - 18:45, 2 May 2008 "Deportasiya". II Film (film) Filmin üzərində İşləyənlər :: Tahir Talıblı : Rejissor Assistentləri : Mikayıl Nəsirov , Vasif Məmmədzadə : Operator Assistenti : Vaqif ... 2 KB (166 sözlər) - 18:45, 2 May 2008 "Deportasiya". VI Film (film) Filmin üzərində İşləyənlər :: Tahir Talıblı : Rejissor Assistentləri : Mikayıl Nəsirov , Vasif Məmmədzadə : Operator Assistenti : Vaqif ... 2 KB (166 sözlər) - 23:22, 2 May 2008 "Deportasiya2. VII Film (film) Filmin üzərində İşləyənlər :: Tahir Talıblı : Rejissor Assistentləri : Mikayıl Nəsirov , Vasif Məmmədzadə : Operator Assistenti : Vaqif ... 2 KB (166 sözlər) - 23:22, 2 May 2008 Əsərləri 1.Sevgi harayı. Yerevan: Sovetakan qroğ, 1982, 36 səh. 2.Yazılmamış şerlər. Yerevan, Sovetakan qroğ, 1984, 80 səh. 3.Yollara çıxmışam. Bakı: Yazıçı, 1986, 45 səh. 4.Bizi yurd saxlar. Bakı: Yazıçı, 1992, 120 səh. 5.Əziz Əliyev. Bakı: Azərnəşr, 1996, 352 səh. 6.Bu tale dediyin (şerlər). Bakı: Azərbaycan Türkiyə Birgə Poliqrafiya Şirkəti, 125 səh.

şeirlər

Dərdimiz tən, qəmimiz tən,

Günahkarıq ya sən, ya mən.

Biz bir idik ayrı ikən,

Ayrılmışıq birləşəndə.

 

Xəyalımız didik-didik

Hara gəldik, harda idik.

Sevgimizi saldıq itik,

Taleyimiz kürləşəndə.

 

Yaxına da gəlmək olmur.

Uzaqdan da görmək olmur.

Həsrətdən də kömək olmur

Həsrətimiz gurlaşanda.

 

1977

 

MART AYINDA

Bax, gör necə bölünüb

Bu yan dağ,

o yan aran

Əştərək çiçəkləyib,

“Ağ ayı”dır Aparan.

1978

 

***

 Görüş yollarına çıxam təzədən.

Geniş yollarına çıxam təzədən

Yenə də qabağa səhvlərim düşə

Daha nə isə…

Ya bir az gecikəm, ya da tələsəm.

 

Çağıram, çatmaya harayım, səsim,

Ağrılar, əzablar yenə cəm ola,

Mənim gözəlliyi sevmək həvəsim

Qorxuram, təzədən faciəm ola.

1978

MƏRDLƏR, NAMƏRDLƏR

Ömrün hər anına, saatına bax,

Dünyanın günləri oxşar deyil ki…

İgid Koroğluya boy verən torpaq

Keçəl həmzələr də cücərdib bil ki…

 

Qəlbimdə ağrıyan bir dərd yaşayır

Ömrümə yoldaşdı bu hiss, bu duyğu;

Neçə ki, dünyada namərd yaşayır

Olmaz yerə qoymaq koroğluluğu.

1978

YOLLAR, YOL GÖSTƏRİN PİYADALARA

Atlılar hər yerdən çapıb gedəcək,

Atların belində keçib gedəcək

Yollar, yol göstərin piyadalara

Piyada yolçular incik gedəcək.

 

Atlı çapmaq hara, yol-yoxuş hara?

Dünyanın çox işi qat-qarışıqdı

Yollar, yol göstərin piyadalara

Səfərə çıxana yol yaraşıqdı.

 

Sənin güvəndiyin at nallarının

Yollar ki, zərbindən tuluq-tuluqdu.

Dərə adlayası, dağ keçəsiyəm,

Nə də yorulası, inciyəsiyəm.

Bu ki, bəxtə düşən ömürdü-gündü,

Səbri tükənməyən bir yolçuluqdu.

Neçə yol büdrədim,

Yıxıldım, qalxdım

İnadım qolumdan tuta bilmədi.

Məni çox şöhrətlər unuda bildi,

Məni bu dərələr uda bilmədi.

 

Nadan badalaqlar, qəfil zərbələr

Hələ ünvanıma çatası çoxdu.

Piyada keçdiyim yoxuş yolların

Əvvəldən bilirdim, xatası çoxdu.

 

Ayaq üzəngidə əl də yedəkdə,

Gedən yolçulara tay tutma məni.

Bil payi-piyada, səbir tətikdə

Yollar keçəsiyəm, yubatma məni.

1978

YOLLARA ÇIXMIŞAM

 

Ömür hövsələsiz çay kimi axar,

İllərə yetişməz, aylara çatmaz.

Dağlar pıçıltımı eşidər, baxar,

Hardasa harayım haylara çatmaz.

 

Adım anılmazmı tək bircə bənddə,

Bu dərd silkələyər, ayıldar məni.

Bəlkə yaşadığım bu kiçik kənddə

Hamıdan axırda sayırlar məni.

 

Yollara çıxmışam, mən bilə-bilə,

Axı, hər yolçuda bir ürək olmur.

Sənət də belədir, həyat da belə,

Əgər öyrənməsən, öyrətmək olmur.

 

Qatsa da başımı adicə iş-güc

Məni yırğalasa bir nənni kimi.

Çıxa bilməsəm də bu cazibədən

Mən xorda oxuyan müğənni kimi.

 

Hələ ki, bədxahın gümanı itir,

Bilirəm, büdrəsəm əl çalmağı var.

Mənim ki ürəyim bomba kimidi, –

Qəfildən sinəmdə açılmağı var…

1978

 DOSTUMA MƏKTUB

Tələbə dostum Telman Hüseynə

 

Bir kəndi özünə yurd eləmisən –

Orda günəş doğar, duman sökülər.

Boylanar dünyaya misralarından

Elin, doğma kəndin Otuzikilər.

 

Bostan da sulayar, şeir də yazar,

Əllərin iş-gücdən soyuya çətin.

Dünyanı lərzəyə salmağa hazır

Sənin sığındığın kənd planetin.

 

Dərədə dumanı,

Düzdə gülü seç,

Şer oxu dağlara – üşüsən harda.

Ucuz paltosuna sığışarmı heç

İlhamı geyinən şaxtada, qarda?!

 

Çöllər kürsün olsun,

oxucun Tərtər,

Bir dəli ilhamla elə boşal, dol.

Qoca Nizaminin sevinci Bərdə

Səndən şer istəyir, qardaş, hazır ol!

 

Demə ki, hər bahar doğula billik –

Güllərin gözündən baxa bilməcək.

Ən dayaz göllərdə boğula billik –

Dərin ümmanlara çıxa bilməcək…

1979

 

İTHAFLAR ÇOXALIR

MƏMMƏD ARAZA

 

Dağılar dünyanın sazağı, çəni

Şeir istəyinlə, oxucu qardaş.

Duyğuna, hissinə söykənər sənin

Körpü misraların bir ucu, qardaş.

 

Şeirlə, nəğməylə barlanar ürək

İlhamsız, duyğusuz təklənə bilər.

Zəif misralarsa ağır yük təki,

Oxucu könlünə yüklənə bilər.

 

Çiçək o çiçəyə,

bu yaz, o yaza.

Payız, o payıza oxşaya bilmir.

İthaflar çoxalır Məmməd Araza,

İthaflar Arazı oxşaya bilmir.

 

Mənim də köksümdə oxranar, dinər

Eh, cırnaq həsrətim yol gedəmmədi.

Zəif şeirlərim xəcalətlənər-

O qızın qəlbini fəth edəmmədi.

 

 

Elə qəribsədim bir sakit axşam

Göydə ulduz üçün, yerdə dağ üçün.

Yazımı-pozumu girov qoymuşam,

Məmmədi, Arazı oxumaq üçün.

1979

 

Advertisements

şeirlər

YADİGAR

Qövr edər qəlbimdə dərd için-için

Ağırmış bir eşqin oduna düşmək.

Bəlkə sevgimizi yaşamaq üçün

Bu da bir adətdi –

şəkil dəyişək.

 

Səpərəm alışan, yanan çağıma,

Təbəssüm edərəm dərdi-sərini.

Sovqat saxlayaram qocalığıma

Sənin qız baxışlı şəkillərini.

 

Şəkil də ömürdü, qalar yadigar,

Şəkil də bir sığal, bir tumar istər.

Sevənlər sevgidə ürək bağışlar,

Məhəbbət, əzizim, etibar istər.

 

Ayrılıq qəlbimdə od çata-çata

Yağdırar həsrətin yağışlarını.

Şəkil istəyirsən apar yadigar,

Yadigar aparım baxışlarını.

1972

BİR MƏHBUSUN İSTƏYİ

Ustadım Söhrab Tahirə

 

Vahiməli dəmir qapılar…

Dörd addım o yana-divar,

Dörd addım bu yana – divar.

Geniş çöl havasının azlığı,

Addımların küçələrdə dolaşmaq

imkansızlığı.

Beton döşəmələrdə

Ağır çəkmələr:

taraq-taraq…

Əsir səslər divarlara çırpılır,

məhbusun qulaqlarında

qırılır…

…Əsarətin dözülməz görkəmi

varmış.

Azadlıq əsarətlə duyularmış…

Bir dünyalıq azadlıq istəyən,

dörd divar arasında nə gəzir?!

Taraq-taraq…

Dörd addım o yana – divar,

Dörd addım bu yana – divar.

Yenə başlayacaq bir azdan

Sorğu-suallar.

Yenə həmin inad,

Həmin qüvvə.

Sonra da…həmin qərar…

Məslək nə gücə, nə də qanuna,

baş əyir.

Məhbus bir cild

“Nazim Hikmət” istəyir…

1972

***

Dayanmışam postda mən

Yuxum ərşə çəkilib.

Səmanın ulduzları

Mundirimə tökülüb.

 

Papağımda, toqqamda

Düymələrimdə ulduz.

Deyirəm ki, bu qədər

Axı, kimdə var ulduz.

 

Görən bilirmi bu dəm

Şirin-şirin yatan qız.

Bu gecə hey üstümə

Qar yağıb ulduz-ulduz.

1973

TƏLƏBƏ DOSTLARIMA

APİ: 34-cü qrupun tələbələrinə

 

Mənim əzizlərim gəlin, gəlin siz!

Həsrət ürəyimi yaman göynədir.

Qayıtsın qayğımız, gərginliyimiz,

Yenə elə bilək imtahan gedir.

 

Görək neçə sönən arzumuz olub, –

Şeir qəlbimizi yenə isidə.

Təzə hansı tədbir keçirilibdi.

Bizsiz filoloji fakültəsində.

 

Valeh nəsə desin Cəlil sayağı

Bizim söhbətimiz yumorsuz olmaz.

Görən, Şəkidəki ələyrilərin

Kəsibmi kökünü o müxbir Abbas?

Doğma tələbəlik o eşqi, odu

Bir də ömrü boyu kim unudar, kim?

Bizə bir əyani Füzuli oldu,

Yanmağı öyrətdi Cavad müəllim.

 

Görək neçə sönən arzumuz olub, –

Şeir qəlbimizi yenə isidə.

Görən hansı tədbir keçirilibdi.

Bizsiz fioloji fakültəsində.

1974

 

BİR KƏNDİN ÜSTÜNƏ PAYIZ ENİRDİ

Yarpaqlar yaralı əsgərlər kimi

Səngərə yatırdı, yerə sinirdi

İxtiyar dağları qubar alırdı,

Bir kəndin üstünə payız enirdi.

 

Bəlkə də qızılı rəngdən qızınıb,

Qəlbimdə qəriblik gümüldənirdi.

Sevincdən yazınıb, qəmdən yazınıb

Bir kəndin üstünə payız enirdi.

 

Şır-şır bulaqların gözü yol çəkir,

Bir də ki borclunu, borclu sağ istər.

Ürəyim bu payız bir vaqon təki

Ötən qatarlara qoşulmaq istər.

 

Keçirdi gözlərim önündən bu an

Neçə burulğanlar, neçə axınlar.

Yadıma düşürdü yaxın uzaqlar,

Yadımnan çıxmırdı uzaq yaxınlar.

 

…Toruna düşmüşdü söyüd küləyin,

Asıla qalmışdı gur saçlarınnan.

Bir kəndin üstünə payız enirdi-

Yapışa-yapışa ağaclarınnan.

1974

BAKININ YAZI

Bakının bahara çıxan çağıydı,

Qızların yandırıb-yaxan çağıydı.

Sevgimin kükrəyib axan çağıydı-

Məni dəli etdi Bakının yazı.

 

Dünyada hamının bəlli umudu,

Qış öz gözlərini yaza yumurdu.

Qızlar söz umurdu, sevgi umurdu,

Məni silkələdi Bakının yazı.

 

Qəlbimdə bir ilıq yaz havasıydı,

Söyüd tumurcuğu çırtdayasıydı,

Ürəyim sevincdən partdayasıydı,

Məni xumarlatdı Bakının yazı.

 

Ünvan: Üzeyirbəy küçəsi idi,

Enişdən-yoxuşdan keçəsi idim…

Mən də milyonundan bircəsi idim-

Get, heç qorxma,-dedi Bakının yazı.

1975

SİZİ GÖZLƏYİRİK

Cəbhədə həlak olmuş həmyerlilərimizin əziz xatirəsinə

 

Hərəsi bir evin dirəyi idi

Getdi cəbhələrə əsgər oğullar.

Harda doğulmuşdu, harda sevildi,

Harda güllələndi o nər oğullar?!

 

Göynək arzu kimi artıb, göyərib,

Neçə min ürəkdə yaşar adınız.

Kiçicik kəndlərdə dünyaya gəlib.

Böyük şəhərlərdə heykəl oldunuz.

 

…Yollar da yuxulu əsgərlər kimi

Büdrəyə-büdrəyə Berlinə gedir.

Yox, yox, bu yollarda ölmədiniz siz!

Sizi gözləyən var gör neçə ildi –

Necə uzun çəkdi son döyüşünüz.

 

1975

LAĞ ELƏMƏ

Bu qədər ağ eləmə

Demə kefin saz olar –

Dilsizə lağ eləmə,

Dilin danışmaz olar.

 

Dünyanın çox cövrü var

De tablaya bilərsən?

Kasıba lağ eləmə,

Kasıblaya bilərsən.

 

Lağ eləmə, dünyaya

Dünya çıxar əlinnən

Bəlalar çəkər başın,

Lağ söyləyən dilinnən.

1976

SƏNİ GÖRMƏK

Dünya öz işində, öz axarında,

Dəli şimşəklərin yaz çaxarında,

Ömrün bu çağında, bu baharında,

Qorxuram mən səni görə bilməyim.

 

Yollara sancılan baxışım çoxdan

Üşüyür nahaqdan, donur nahaqdan,

Barı bircə yolla gendən, uzaqdan

Qorxuram mən səni görə bilməyim.

 

Duya bilməmişəm ötən yaşımı,

Ötəri qayğılar qatıb başımı,

Köhnə sədlərdimi kəsən qarşımı?

Qorxuram mən səni görə bilməyim.

 

Bu yollar səbrimdən gödəkdi indi,

Sinəmdə ürəyim kövrəkdi indi,

Ümidim tək səni görməkdi indi,

Qorxuram mən səni görə bilməyim.

1977

QOŞMA

De, harda, nə zaman gəldin rastıma,

O pəri gözlərin durdu qəsdimə.

Ağrılar, əzablar mənə bəsdi nə?

Deyəsən, qarşıma tale sərt çıxıb.

 

Saçıma baxırsan, ağarır saçım,

Gedir əllərimdən cavanlıq tacım.

Sevmirsən, ay gözəl, nədir əlacım?

Alqış ürəyimə, yaş namərd çıxıb.

1977

DOSTLARIM ÖMRÜMDƏ ZƏLZƏLƏDİLƏR

Şair Hidayətə

Bir dəli istəklə küləyim, qarım

Yoluma çıxdılar, əl elədilər.

Şerimdə zəlzələ gəzən dostların

Özləri ömrümdə zəlzələdilər.

 

Bir yaşıl ümidim qarşıma çıxar,

Qoymaz tənha qalım, hardasa bir an.

Mənim ki, ürəyim boylanar, baxar

Uğurlu, uğursuz misralarımdan.

 

Çəkilib bir küncə yanmaq istədim,

Ömür ki, fürsətmiş indi bir atım.

Mətləblər, dərinmiş-gec başa düşdüm

Şerdə tünlükmüş, sonra anladım.

 

Qəfil ildırımlar cumar üstümə,

Gur yağışlar yağar duyğularıma.

Küsənən tapılar bu ömrə-günə,

Küsənən tapılar qayğılarıma.

 

Qəlbimi bir istək çəkər, aparar,

İsidər könlümü qışın qarı da.

Şerimin qızıldan qonorarıdı

Payızın tökülən yarpaqları da.

 

Bir gün bir istəklə küləyim, qarım

Yoluma çıxdılar, əl elədilər.

Şerimdə zəlzələ gəzən dostların

Özləri ömrümdə zəlzələdilər.

1977

 

şerilər

ƏDİB BABALAR

“Molla Nəsrəddin”in müəlliflərinə

Kim deyər: alışıb sönmüsünüz, yox,

Odunuz uzağa gedib, babalar.

Millətin dərdiylə ürəkləriniz

Həmişə alışıb, ədib babalar.

Kiminsə car olub müdrikliyi də

Bəzən səhvləri də elə yayılıb.

Ancaq böyük var ki, böyüklüyü də

Millətin adına nöqsan sayılıb.

Yatıb, ayılmayıb, min illər bəşər

Yaşayıb cəhalət mağarasında.

Siz xalqın, millətin əzabı qədər

Qalmısız od ilə su arasında.

Mürgülü müsəlman üfüqlərinə

“Molla Nəsrəddin”nən top atmısınız.

Siz ey “lağlağılar”, “cüvəllağılar”

Xalqın tarixini yaşatmısınız.

Topdan, tüfəngdən də uzağa gedən,

Hər an əlinizdə qələm dinibdir

Bir də “laübəli” qəhqəhənizdən

Dumanlı beyinlər silkələnibdir

Yaxşıdır hər şeydən qəlb ucalığı,

Hər şanı, şöhrəti ucuz tutdunuz.

Milləti o qədər düşündünüz ki,

Öz eşqinizi də siz unutdunuz.

Görüb qeyriləri tərəqqi tapıb

Bizim “maralları” hayladınız siz.

Millətin dərdinə zarafat qatıb,

Millətin özünə payladınız siz.

Gələr od yurduna nə qədər nəsil

Deyər adınıza nə qədər alqış!

Zamanın aynası – “iyirminci əsr”,

Sizin çiyninizdən qalxıb ucalmış.

1970

“YANIQ KƏRƏM”İ DİNLƏRKƏN

Bu necə əfsundu ki,

Min illərdi əsirəm.

Xan Kərəmin səsiyəm,

Xan Əslimi gəzirəm.

Həsrət köhnə həsrətdi,

Hicran qəmdi, boyatdı.

Bu necə hava idi,

Bu necə yanğı idi

Ruhumu silkələdi,

Ürəyimi oynatdı.

1970

BİÇİN NƏĞMƏSİ

Biçinçi oyanar səhər o başdan

Yenə oxuyacaq biçənəkləri.

Dəryaz nəğmələri dinər o başdan

Oyadar yuxudan boz kəklikləri.

Otlar can dərmanı, güllər təzə-tər

Hər açılan güldən şirin bal damır.

Günəşin sarımtıl telləri səhər-

Sanki qarğıdalı saçaqlarıdı.

Geniş zəmilərtək böyüyər ürək

Polada döndərər zəhmət qolları.

(ilk dəfə biçinə gedirdik o gün)

Kotandan açılan yorğun öküz tək

Büdrəyə-büdrəyə gəldik yolları.

Biçinçi arzusu – istəyi kimi

Qızılgül günəşə boylanar yerdən.

İldə bircə ayı kurortlara yox,

Kərənti çəkməyə gəlin, şəhərdən.

1970

***

Yadımda kül olan bir Əsli qalıb,

Sehirli nağıllar mənə tanışdı.

Mən ki, allahların əlindən alıb

Səni məbədlərdən oğurlamışdım.

1970

NƏNƏM

Ömrünün sevdalı günləri uçub,

Ömrünə nəvəli günləri yağır.

Nənəmin “Nikolay hesabı” ilə

Fırlanır cəhrəsi hey ağır-ağır.

Dilində təvəkkül, qəlbində dərd, qəm,

Gözündə işığı azalıb indi.

Bir vaxt gəlin nənəm, bir vaxt qız nənəm

Bir görün necə də qocalıb indi.

Dəcəl nəvələrin tutar əlinnən –

Onnardan uzağı görəmməz nənəm.

Geyinər “on iki taxta” donunu,

İndiki qızları bəyənməz nənəm…

Düşünər, düşünər, gözü qıyılar,

Ömründən dumanlı günlər ötüşüb.

Deyirlər saçına yağan dümağ qar

Oğlu cəbhələrə gedəndən düşüb.

Bayatı söhbətə, sözə əsirəm,

Nağıllar nənəmin ömrüdü, gedir.

Mən söz axtarıram, mən söz gəzirəm,

O isə həmişə söz üstündədi.

1970

HƏSRƏT NƏĞMƏSİ

Qəlbimdə ola-ola

Mən səni harda gəzim?

Ay itkin göyərçinim,

Hansı yollarda gəzim?

Dağ başı dumanlıdı,

Dərələrdə çən olmaz.

Bir dünya gözəl olsa,

Mənə heç kim sən olmaz.

Yatmaram gecələri-

Səbrim, qərarım, hanı?

Məni kim ovundurar

Gəzsəm bütün dünyanı?

Bircə əlçim buludam

Gah boşalan, gah dolan.

Mənəm səni itirib

Sonra peşiman olan…

1970

AZƏRBAYCAN

Azərbaycan-Kür-Arazın qovşağıdı

Azərbaycan – şer, sənət ocağıdı.

Tarixidi daş vərəqli

Yazım-yazım kitabələr.

Soraqlaşsan qulağına

Milyon illik səda gələr.

Torpağında babaların hərarəti.

Şırıl-şırıl bulaqları diş göynədir.

Bağlarında can dərmanı,

Dağlarında var qarı da.

Daşqın axır bu torpağın

Ən balaca çayları da.

Şümşad boylu oğlanları

Yer üzündə birincidi.

Qocaları Qorqud kimi bilicidi.

Od baxışlı

Gözəlləri ağıllıdı.

Məhəbbətlər “Leyli Məcnun”,

“Əsli Kərəm” nağıllıdı.

Bir planet sevinci var.

Araz boyda dərdi-səri

Azərbaycan torpağıdı

Füzulinin, Ələsgərin

Ağrı çəkən qəbirləri.

1970

BALIQÇI VƏ SU PƏRİSİ

Bir oğlan var idi… Balıqçı oğlan

Hərdən peşəsini qınayırdı o.

Həmişə sulara tor atan zaman

Durub öz baxtını sınayırdı o.

Sular qalxa-qalxa, gah enə-enə,

Sular ləpə-ləpə axdı baxtına.

Bir gün tor atmışdı sulara yenə

Bir gün su pərisi çıxdı baxtına.

Bəlkə axtardığı, gəzdiyi həmdəm,

Dəryalarda imiş… yoxsa bu nəydi?

Oğlan gözəlliyə, pərisə bu dəm

Odlu baxışlara əyilməliydi.

Bu gündən görüşdü hər gün ikisi

Sular bu həsrəti hey yuya-yuya.

İnsan məhəbbəti, pəri sevgisi

Beləcə yarandı, gəldi dünyaya.

Atdı qırmaqları, tilovu, toru

Gitara götürdü balıqçı oğlan.

O köhnə sahilə sulardan duru

Bir nəğmə gətirdi balıqçı oğlan:

“Sular axdı baxtıma,

Sular çıxdı baxtıma”.

Elə bilirdilər tək ikisiydi

Dünyada yaşayan, dünyada qalan.

Bunun gözlərində su pərisiydi,

Onun gözlərində balıqçı oğlan

Bu ona deyərdi: “ay su pərisi”

O da pıçıldardı: “balıqçı oğlan”.

Bu həsrətin ömrü bircə andımı

Qəlbindən keçərdi yolları qızın.

Gitara sahildə dınqıldadımı –

Suları yarardı qolları qızın!

Görüşə-görüşə həsrət çəkərdi.

Həsrətli-həsrətli görüşərdilər.

Elə unudardı əzabı, dərdi

Suların dilində gülüşərdilər.

Elə həzinləşdi, danışdı, dindi,

Sözlər inciləşdi söz arasından.

Əvvəl tor atdığı sulara indi

Nəğmələr yağırdı gitarasından.

Bu eşq dünyasında yaşamaq üçün

Beləcə səadət bəsiydi, bəlkə.

Bu iki ömrü uzatmaq üçün,

deyirəm tale –

Bütün ömürlərdən kəsəydi, bəlkə.

Noyabr 1971

NAĞIL

Gələ çoxlarına sevgimiz acıq –

Bizə göz olalar,

Olsunlar nə qəm.

Yenə söhbətimiz qala yarımçıq

Yenə addım-addım fürsət gözləyəm.

Fateh olmalısan, sözün açığı –

Axı qız ürəyi örtülü qala.

Qorxuram sədd ola utancaqlığım

Sevgim ürəyimdə örtülü qala.

Oxuyam qəlbini o bir cüt gözdə

Artıq söz-söhbətə ehtiyacmı var?

Hər şeyi danışa əvəzimizdə

Bizə ram olmayan odlu baxışlar.

Qəsdən uzadasan cavablarını

Vüsal mənim üçün gəlməyə asan.

Xoşbəxtlik boynuna çələng taxıla

Şöhrət zirvəsində xumarlanasan.

Həsrətim adını hər yana yaya,

Bu həsrət qəlbimdə dəryadan dərin.

Məni yamanlaya, səni danlaya

Forsunnan partdayan rəfiqələrin.

Düşə lap yerinə bu söz, bu söhbət.

Ama ürəyində bic-bic güləsən.

Çoxala qəlbində insaf, məhəbbət.

Məni də bir böyük şair biləsən.

1971

TƏLƏBƏLİK

Aman, doğma tələbəlik,

Ömrümüzün dörd ilini,

dəftərlərin, kitabların

arasına səpələdik.

Ünvanımız yataqxana,

Maaşımız təqaüddü.

Əzabımız, sevincimiz

Nağıl kimi keçdi, getdi.

Ümman kimi siniflərdə

Nələrimiz qaldı bizim,

Donub qalan, qəribsəyən,

izlərimiz qaldı bizim.

Adımıza tələbələr deyiləndən

Ömrümüzdə

Uşaqlığa sərhəd çəkdik.

Burda bəzi arzulara,

İstəklərə bir hədd çəkdik.

İqlimləri, uzaqlığı

Eraları heç elədik

Homerlərin əfsanəvi,

Dünyasına köç elədik.

Daha niyə gizləyim ki,

Çoxumuzun macərası oldu burda.

Çoxumuzun ürəyinə alov saldı,

Məhəbbətin odu burda.

Çoxumuzun ilk eşqini

Məhv elədik!

Çoxumuzun ilk eşqini

biz həyata çıxarmamış

Siniflərdə – partaların arasında dəfn elədik

Sevincimiz oldu deyim

dalğa-dalğa

Qəlbimizə qəm də doldu

qalaq-qalaq.

O, qəm üçün

sevinc üçün

qəribsərik.

Aman, aman tələbəlik…

Məndən sonra oturduğum partalarda oturanlar,

Bilin, burda partaların üzərində

əllərimin izi qalıb,

Bir tələbə ömrünü mən

uyutmuşam.

Sən tutduğun qapıların

dəstəyindən,

Vaxt olub ki, mən tutmuşam.

Burda əli çənəsində

bir fikirli,

bir tələbə şair qalıb,

axı, burda Tahir qalıb.

1971

GECƏLƏR ƏRİYƏR YANAN ŞAM KİMİ

Gecələr…

alışıb, yanar pəncərələr.

Gecəyə baxar adamlar,

küçəyə baxar adamlar,

Ulduzlara baxar adamlar.

Kiminsə xəyalı,

işıqların

yolayrıcından boylanar içəri.

Gecənin sükutunda

yol çəkər

Kiminsə gözləri.

Kimsə bu dəm

əllərinin arxası ilə,

Ovuşdurub gözlərini

Qurcalanar yerində.

Hardasa…

bu titrək gecənin

sükutunu pozar

iki cüt yanaşı yeriyən

ayaq,

küçələrin birində.

Kimisə… Yerində dondurar intizar.

Hardasa…

Gecəli bir giley var.

Əriyər gecə,

əriyər,

əriyər.

Bayaqdan şıltaqlıq

eləyən

körpə də kiriyər.

Uyuyar dünyada

Hər nə var.

Tək külək,

Bir də ki, ləpələr

Gümüşü nəğmələr oxuyar

Beləcə əriyər gecə,

diksinər gecə,

oyanar quşlar,

çıxarlar yuvadan,

quş qəmli,

quş səksəkəli,

quş sevincli

yuvadan.

Qaranlığı dənlər sərçələr,

dünyaya açılar səhər.

1971

SINAQ DƏRSİ

 Pedaqoji institutun son kurslarında məktəblərdə sınaq dərsləri keçirdik.Dərslərdə kurs rəhbərimiz, sinfin fənn müəllimi, bir də tələbə yoldaşlarımız…. dərsin gedişi izlənir, təhlillər aparılırdı.

Nə tez ötüşmüşdü illər, təəssüf

İçim ağrılıydı əzablar ayıq.

Dalana dirəndi yollar, təəssüf

Bir də ayıldım ki, son kursdayıq.

Sandım ki, yenə də sınaq dərsidi

O qız da arxada nəsə deyir hey/.

Əli çənəsində, baxışı iti

Məni çaşdırmaqçün gülümsəyir hey.

Təəssüf, gör necə günümüz itdi,

Dondu əbədilik qəm aramızda.

Sandım ki, yenə də sınaq dərsidi,

Mənim nöqsanımı yazır o qız da.

Qarışdı gözümdə mübtəda, xəbər

Nidalar ah çəkib nidamı dedi.

Adı şah misra tək dilimdə əzbər

Gözləri əyani vasitəm idi.

Bəs hanı o məktəb, o sınaq dərsi

Ömrümün bir anlıq qonağı imiş.

Adi dərs deyilmiş o sınaq dərsi

Bəlkə sevgimizin sınağı imiş.

Sandım ki, yenə də sınaq dərsidi

O qız da arxada nəsə deyir hey,

Əli çənəsində, baxışı iti

Məni çaşdırmaqçün gülümsəyir hey!

1972

***

Baxışla qarşılardıq,

Baxışla ötürərdik

Biz o gözəl qızları.

“Sevirəm” deyəmmirdik

Qorxurduq ki, itirək

Biz o gözəl qızları.

Sevərdik gizli-gizli

Sevgimiz oddu, güclü.

Yad gözdən qorumaqçün

Onlara çəpər idik.

Hərəmiz bir gözəlin

Dərdini çəkər idik.

O gözəllər od imiş

Bizi oda saldılar.

Eşqə, sevgiyə dönüb

Qəlbimizdə qaldılar.

Necə xoşbəxt imişik

Biz tələbə oğlanlar

İtirməyin o anı

Ay tələbə olanlar!

İtirməyin o gözəl

Göyçək-göyçək qızları

İtirməyin ətirli,

Çiçək-çiçək qızları.

Məhəbbət qığılcımı

Ürəyə gizli düşər

Güclü sevin sevəndə

Daha gizli sevməyin

Araya üzlü düşər.

1972

 YAXŞILAR

 Quba rayon, milis idarəsinin rəisi, polkovnik Məmməd Rzayevə.

 Onların yoludu hər cığır, hər iz,

Hər yaxşı – gözümdə bir zirvəli dağ.

Deyirəm, dünyanın özünə də biz

Gəlin, yaxşıların gözüylə baxaq.

Şərin qəlbi qırıq, yolları yarı,

Hər kəlmə başında sözünü udur.

Pisliklər dünyanın azar-bezarı,

Yaxşılıq dünyanın göz muncuğudu.

Pislik ayaq tutmaz, elə sürünər,

Elə hey qovrular o öz yağında.

Pislərin gözündə pislik görünər,

Bəzən yaxşıların yaxşılığı da.

Yaxşılıq çiçəkdi saçlarına səp

Demə əlçatmazdı, uzaqdı onlar.

Əyil suyundan iç, gözlərindən öp –

Təmənnasız axan bulaqdı onlar.

1972

BABAMIN KƏHƏRİ

Ötən ömür üçün qəribsəyirmi-

Səksəni, doxsanı haqlayır babam.

Keçmiş bir ilxıdan yadigar kimi

Bir yorğa kəhər də saxlayır babam.

Dəli cavanlığı, əyləncələri

Ağardıb saçında, saqqalında o.

Yığıb bir ömürlük xatirələri

Bir kitab söz kimi öz alnında o.

Qardaşınnan artıq sevdiyi atın

Elə uşaq kimi qulluğundadı.

Atınnan uzağa atmaz bir addım,

Arpası, samanı qoltuğundadı.

Verər inəklərdən, camışdan qabaq

Atın alafını, atın suyunu.

Sədrin, briqadirin gözündən iraq –

Bəzən qoruqlarda otarar onu.

Elə əzizləyər, tumarlayar ki…

Babamın kişilik dünyasıdı at,

Onun ürəyini, bir iş də var ki…

Hamıdan birinci duyasıdı at.

Kişinin ən yaxın sirdaşıdımı?

Gör ata necə də mehrini salıb..

Axı, ürəyində dava ilinnən

Bir oğul, bir kəhər həsrəti qalıb.

…Dava əzabını qarışqalar da,

Bütün cücülər də çəkərdi onda.

Bütün kişilər tək boranda, qarda

Atlar da cəbhədə əsgərdi onda.

Ötən ömür üçün qəribsəyirmi? –

Səksəni, doxsanı haqlayır babam.

Keçmiş bir ilxıdan yadigar kimi

Bir yorğa kəhər də saxlayır babam.

1971

GÜRCÜ XORU

Dinləyər, dinləyər ulduzlu göylər,

Gürcü nəğmələri uzanar, gedər.

Dünya özu durub tamaşa eylər

Bu xalq orkestri susana qədər.

Sirri açılmayıb gürcü xorunun…

Gürcülər oxuyar kefləri köksə.

Gürcülər oxuyar, işdi birinin

Qəlbinə bir kədər, bir ağrı çöksə.

Haqq haqdı ədalət tərəzisində-

Düz baxa biləsən gözünə onun.

Nazlı gözəllərin şirinliyi də

Hopub çörəyinə, duzuna onun.

Bəlkə taleyini… uşaqlığını

Oyatmaq istəyər nəğmələriylə.

Hərdən kürlüyünü, şıltaqlığını

Ovutmaq istəyər nəğmələriylə.

Çiçəyi ballanar, otu ballanar

Üzüm salxımları dəyər, sallanar.

Sağlıqlar çoxalar, məclis hallanar

Gürcü xor oxuyar.

Sünbülü dən tutar, narı yetişər,

Ayları dolanar, ili ötüşər.

Kiminsə könlünə çınqı köz düşər

Gürcü xor oxuyar.

Yağar quraqlığa gur yağışları,

Torpağı canlıdı, daşı canlıdı.

Daha betər yağan qız baxışları –

Gürcü xoru kimi istiqanlıdı.

“Mənim Svanetim-planetim var“, –

Birdən gürcü xoru oxunacaqdı.

Qınında pas atıb xəncəri yatır

Bu xalqın həmişə xoru oyaqdı.

Ucadan danışar, ucadan gülər

Sıxılmaz, darıxmaz olsa harada.

Bir şirinlik qatıb, o, pay göndərə,

Xorundan bizə də – qonşulara da.

1971

***

Gələ bir təsadüf…

gülə bəxtimiz –

Bizə bir yarımçıq görüş vəd edə.

Nə qədər görüşmək istəsək də biz

Görüşə bilmirik, gülüm, hələ də…

Həmişə arzu ol,

şirin arzu ol.

Bəs niyə dönmüsən, qanadlı yelə?

Gendən görmək üçün səni bircə yol.

Durub gözləmişəm, saatlar ilə.

İtirdim səmtini küləyin, qarın,

Eşitsin sevgidən qəlbi inciklər.

Sənin yol getdiyin avtobusların

Hamısı yuxumdan gəlib keçiblər.

O kimdi sevgidə incik dayanan,

Kimdi, o gözəli hey anıram mən,

Uzaqdan alışan, uzaqdan yanan

Böyük sevgilərə inanıram mən.

Bəlkə bir təsadüf…

gülə bəxtimiz-

Bizə bir yarımçıq görüş vəd edə.

Nə qədər görüşmək istəsək də biz

Görüşə bilmirik, gülüm, hələ də…

1971

PALID

Palıd daş kimidi, – deməsin heç kim,

Bir çubuq kəsilsə ağlayar palıd.

Təmənna istəməz, öz yarasını

Öz qabığıyla bağlayar palıd.

 

Gözdən yaş çıxarar, bəlkə qəzəb, kin,

Bəlkə də sevincdi yaş adamlara.

Bəs niyə bir öyüc ola bilməsin

Palıd kövrəkliyi daş adamlara?!

 

1968

ATLANT ÇİNARLAR

 

Qalxıbdı əlçatmaz ucalıqlara,

(Hər vaxt ucaların kökü dərində)

Elə bil Atlantdı, bizim çinarlar,

Göyləri saxlayır çiyinlərində.

1968

 

***

 Gözlərimin qarşısınnan

Çiçəklərə şehdi düşən.

Səhər mehi nəfəsindi –

Xumarlandım öpüşünnən.

 

1968

TƏK DURNA

Bürünüb göylərin qəribliyinə

Harasa bir durna təklənib gedir.

Bir qatar durnanın intizarı da

Onun qanadına yüklənib gedir.

 

Düşündüm, düşündüm…

Sanki fikrimdən

Duman aralandı, bulud ötüşdü,

Baxdım tək durnanın arxasınca mən

Babamın bir sözü yadıma düşdü:

 

Harda bir qəhrəman var döyüşlərdə

Bir nəslin adını daşıyıb demək.

Bir maral buynuzu tapılan yerdə

Bir maral sürüsü yaşayıb demək.

 

1968

***

 

İldırım zərbəsindən

qorxmuram!

Çiy gülüş səsindən

qorxuram.

Qanun məhkəməsindən

qorxmuram

Əlində qanun tutan

qanunsuzlar əlindən

qorxuram!

1969

 

PAYIZ

Yaydan miras qalan yamyaşıl otlar

Qızarıb mis rəngi alar payızda.

Durna qatarının vida nəğməsi

Səmadan asılıb qalar payızda.

 

Əsəbi insana dönər küləklər,

Ağacdan yarpaqlar tökülüb gedər.

Dəyişər təbiət, sanki torpağın

Gəlinlik bəzəyi sökülüb gedər.

 

Dağların başına enər buludlar-

Torpağın qəmini eşidər, duyar.

Kövrək bir sim kimi dinər buludlar,

Çaylar da yaralı segah oxuyar.

 

1969

GÜNAHIM – GÜNAHIN

Özüm də bilmirəm nəyim itibdi

Bir itiyi itmiş adam kimiyəm.

Ürkək baxışların küsüb gedibdi,

Dünyanın sonuncu müttəhimiyəm.

 

Ayrılıq keçilməz bir sərhəd olub,

Qovuşa bilmirik sabahımızla

Hardasa, haçansa gözümüz dolub,

Qalmışıq hərə öz günahımızla.

 

Söhbətə yığışan, qeybətə gələn,

Məni də nişan ver tanış qızlara.

Bir az “dərdimi çək”, bir az qüssələn,

Bir az gileyimi danış qızlara.

 

De,-həsrət gözümdən indi qan sızır,

Demə, eşqimizin cəfasızıyam.

Sən bütün qızların etibarlısı,

Mənsə oğlanların vəfasızıyam.

 

Mənim günahlarım bir yükdü, gülüm!

Neyləyim, özümü öyə bilmərəm.

Sənin də günahın böyükdü, gülüm!

Sənin günahını deyə bilmərəm…

 

1969

ƏLİ KƏRİMƏ

Göyçada bir şair qəbri var-

Göyçay çinarları bayatı deyər.

Adam: – “qəbirləri buz yuxusundan

Yarpaq pıçıltıyla oyadır” – deyər.

 

Göyçayda bir şair qəbri var-

Təlatümü yatar, səbri dincələr.

Ata həsrətlisi üç igid nərin-

Paşanın, Orxanın, bir də Azərin

Ürəyi kövrələr, qəlbi incələr.

 

Göyçayda bir şair qəbri var-

Dərdi, ağırlığı yeri əyibdi.

Zərbi Ələsgərin, Sarı Aşığın

Daş qəbirlərini silkələyibdi.

 

1969

 

MƏCNUN MƏHƏBBƏT

Batar uzaqlarda Məcnun “yelkəni”,

Ömrümə bir Leyli “tufanı” axar.

Ağrısı, acısı qəlbimə hakim,

Əzab da bir cürə sevgidi, axı!

 

Dünyama bir ömür qayğı dağıdar

Uzaqdan boylanan baxışların da.

Bizim aramızda İbn-Səlam var,

“Bitərəm” ayrılıq “yağışlarında”.

 

Bir şirin arzuya dönər yolunda-

Duyğudu çəkilən yenə tarıma.

Sənin görkəmində, sənin donunda

Mələklər doluşar yuxularıma.

 

Yanıb kül olsa da sönməsi çətin –

Məcnun sevgilərə “boy verər” hamı.

Leylisi vəfalı olan sevginin

Vərəmləməlidi İbn-Səlamı.

 

1970

***

Bilir ki, gizli-gizli

Alışıram, yanıram.

Hərdən də söz soruşur,

Dilim də topuq çalır

Özüm də utanıram.

Dindirməsə dinmirəm

Dilim sanki lal olur.

Ürəyimdən keçənlər

Gözümdə sual olur.

O hərdən dəftərimi,

Qələmimi, istəyir

Mənə elə gəlir ki,

Lap qəmimi istəyir.

Bəzən gülməyin gəlir

Məndə bu lal duruşa

Dönüb ehtiyac olur

Elə nəsə istəyə,

Elə nəsə soruşa.

Nə zamandır qəlbimin

İstəyini, sözünü

Dilimdə kiridirəm.

Növbəti seminarçün

Məndən kitab istəyir

Heç özüm oxumamış

Tapıb ona verirəm.

Nə istəyir istəsin,

İstər kitab istəsin

İstər qələm istəsin

Deyirəm ki, baş üstə

Ancaq deyə bilmirəm

Ay zalımın qızı, sən

Məndən Günəşi istə

Məndən qəlbimi istə.

 

1970

 

Şeirlər

Gözlərimə dolubsan,

Gözümün nuru kimi,

Gözlərimə dolubsan

Sevgim-qürurum kimi.

 

Hərdən insafsız olub

Ürəyimi çağlatdın.

Yerin gen olsun,-deyə

Gözlərimi ağlatdın.

1968

***

Ya dərsə gecikib, ya da nə isə…

Gözlərim axtarır, bu adət deyil.

Həsrəti qəlbini ağlatmayırsa

Hələ o məhəbbət, məhəbbət deyil.

 

Sevgi yollarına çıxar intizar,

Sevgi yollarında hicran sədd olar.

Küləklər də vüsal həsrətlisidi,

Çaylar da hicrandan nəğmə oxuyar.

Hicran ki, vüsalın keşiyindədi

Axı, giley nədir, bir duyaq onu.

Məhəbbət bir titrək alov kimidi

Sönər, yad nəfəsdən qoruyaq onu.

1968

 

TƏBİƏT ŞEİRİ

Dərə elə dərin, elə uyğulu,

Üstünnən quş səkməz, pələng addamaz.

Dağlar elə təmiz, elə duyğulu,

Dağlara bir çimdik kələk addamaz.

 

Təbiət dünyanın fövqünə qalxan

Bir rəssam əlindən yaranıb burda.

Buluddan süzülüb, axan damcıdan

Qayalar yuyulub, daranıb burda.

 

Sıldırım üstündən ha bağır, çığır,

Səsin bir ənliyə, canlıya çatmaz.

Sıldırım üstünə dikələn cığır,

Sıldırım üstündən geri qayıtmaz.

 

Qarışan axşamı, açan səhəri,

Zirvələr qarşılar dumanda, çəndə.

Qaya qartalları, qaya kəlləri

Göylərə boylanar güzgülənəndə.

 

Dərə elə dərin, elə uyğulu,

Üstünnən quş səkməz, pələng addamaz.

Dağlar elə təmiz, elə duyğulu,

Dağlara bir çimdik kələk addamaz.

1968

ƏVVƏLİN VƏ SONUN ŞEİRLƏRİ

 

 

Görəsən, bu kitabı üzə çıxarmaqla “möhtəşəm” maklatura siyahısına bir əlavə də mən eləmirəmmi?

Sonuncu əl boyda kitabçam 2003-cü ildə rəhmətlik Akif Səmədin təkidiylə işıq üzü gördü. Çapına qədər çox işi özü elədi, torpağı yüngül, ruhu şad olsun.

İçimin, çölümün ağrıları çoxdu. Bu kitabın məni sevindirəcəyi heç ağlıma da gəlməz. Ona görə ki, ömrüm boyu özümlə daşıdığım ağrıları yaza bilmədim, çəkəcəklər daha da artdı, çoxaldı. Bu ağrıları, çəkəcəkləri canımdan yazı şəklində çıxara, soyuna bilmədim. Bu heç mümkün də deyil.

Rəhmətlik anamın həmişə qorxacaq, ehtiyatla dilinə gətirdiyi bir söz vardı: “Allah adamı sonku ayıbınnan saxlasın”. Ömrün sonku ayıbı, nədisə, çox ağır ittihamdı. Adamı bir kabus kimi qarabaqara izləyər.

Bu “sonku ayıb” yurd itkisi oldu. Qibləsini, yönünü bildiyin, ağrını, acını çəkən yurd. O yurd ki, nisgili azalan, göynəyi soyuyan deyil.

Bu kitabda yurda dediklərim də var, yuxuda gördüklərim də. Adı da belə gəldi: “Qurdu qəmgin, quşu qərib”. O qurdun, quşun qəribliyi, qəmginliyi məni daha çox umaxşıdır.

Bu yazıları bir yerə topladım ki, itib-batmasın. Hər halda yaşadığım ömürdən qopuntulardı. Köhnələri dönə-dönə oxudum, düzəlişlər elədim, təkrar-təkrar oxuduqca elə çoxunda əzəlki varianta qayıtdım. Bu yazılar istəklərimi ifadə eləyə bilməsə də, hər halda hər birində yaşantılarım qalır.

Özüm-özümü indiyə qədər necə tanımışamsa, necə öyrənmişəmsə, açığını deyim ki, bu yazılarda eləcə də yenidən gördüm. Bir az köyrək, bir az çılğın, elə o qədər də ötkəm, bir az da özü-özünnən çəkinən.

Ama, nə yazıqlar ki, bu kitabda özümü qane eləyən bir şeirin üstünə əlimi qoya bilmərəm. Bunu tam səmimiyyətimnən deyirəm. Bu da Tanrı qədəridi.

Düzü o Gözəgörünməzin izni nə qədərdisə, sözə o qədər yaxın olursan. Yəni ürfana, haqqa yaxın olduğun qədər.

Söz haqda çox deyilib, çox yazılıb… Söznən bağlı təzə nəsə demək də mümkün deyil. Tanrıya söz qədər yaxın heç nə yoxdu, odu ki, insan əlinin sözə çatmağı Tanrı ətəyinə çatmağa bərabərdi. Hər halda təəssüf elədiyim bir acı həqiqət budu: «Çox demirəm, ildə, könül dəftərlərinə düşəsi bircə şeir yaza bilsəydin, indi qırx, əlli şeirin yiyəsiydin. Bu isə şair xoşbəxtliyin olardı. Bu xoşbəxtliyə sahib olanlara şükür. Qismətə şükür».

Bir də o var ki, söz yalana büküləndə adamın içinnən, çölünnən ruh kimi çəkilib gedir. Başın üstən göyün, ayağın altdan yerin çəkilir. Sözün yalana bükülməyinnən haşa…

İyirmi yaşımnan bu yana adda-budda yazdıqlarımı adda-budda bu kitabda topladım. Bayaq dediyim kimi, bir az özümə oxşuyannarı, bir az səmimi bildiklərimi. Yeridi deyim, özümə oxşuyannarnan da yola getməyim bir az çətin olur.

Bu yaşıma qədər özümə cavabı olan və cavabı olmayan suallarım çox olub. Belə suallardan bəlkə də məni çox incidəni «niyə şeir yazdım»dı.

Doğrudan da, nə üçün? Ona görəmi ki, ömrün boyu özün də, yazdıqların da xəcalətli qalsın?

 

“Zəif şeirlərim xəcalətlənər.

O qızın könlünü fəth edəmmədi”.

 

İkinci sinifdə oxuyurdum. Bir dəfə tənəffüs vaxtı yeddinci sinif şagirdlərinin (o vaxt məktəbimiz yeddiillik idi) şeir haqqında mübahisələrini gördüm. Kiminsə yazdığı şeiri təhlil eləyirdilər. Anladım ki, yazılan bu şeirdə misralardakı hecaların sayı bir-birini tutmur. Yeddincilərdən Süleyman, Şərif, daha kimlərsə israrla şeirin müəllifini başa salmaq istəyirdilər ki, bütün misralardakı hecaların sayı eyni olmalıdı. Səndə isə hecaların sayı düz gəlmir.

İlk baxışda mübahisədən anladıqlarım bu oldu, sözün düzü eşitdiklərimin heç fərqində olmadım da, keçib getdim. Axşam şər qarışan vaxtı səhər-səhər rastlaşdığım söhbətin təzədən fərqinə vardığımı hiss elədim. Həmin andaca “Kənd axşamı” adlı bir şeir qaraladım. Şeirdən yadımda qalanlar təxmini belədi: “Kənd axşamıdı, mal-naxır, qoyun-quzu örüşdən qayıdan vaxtdı. Uşaqlar mal-heyvanın, qoyun-quzunun naxırdan, sürüdən ayrılıb həyətlərə sürülməsinə kömək eləyir. Bir sözlə, romantik bir mənzərə”… Kəndin o gözəl mənzərəsi, o romantik axşam yadıma düşdükcə indi də içim silkələnir. Şeirin misralarındakı hecaları saydım, gözlərimə inanmırdım. Bütün misralarda hecaların sayı on biriydi. Dönə-dönə hesablamalı oldum. “Qələbəm” özümü də heyrətləndirmişdi, necə olub ki, yeddinci sinfin şagirdinin şeirində hecalar düz gəlmirdi? Heyrət və təəccüb qarışıq bir hiss keçirdim. Bir anlığa özümü söz sahibi bildim, şair kimi hiss elədim. Açığını deyim ki, bu hiss ilk andaca içimnən, həm də bir qorxu kimi keçdi. Mənə elə gəldi ki, bütöv bir şair ömrü yaşamışam, indi ölüm ayağındayam. Məni ölüm ayağında yazacağım son şerin qorxusu, xofu basdı. Onu da deyim ki, ömrüm boyu o xof mənimlə qaldı. Ama o şeir yazılmadı, başa düşdüm ki, heç yazılası da deyil.

Əslində hər doğulan şeir ölüm ayağının şeiri kimi yazılmalıdı.

Bəlkə buna görə də az yazdım. Çox az yazdım. Şairliyimi yazanda yox, yazmayanda daha çox hiss eləmişəm. Yazmayanda daha çox şair oluram.

Hər halda şeirə gəlişim aldanış idi.

Şeirin tamını, sözün duzunu N.Hikmətin, S.Yeseninin şeirlərinnən daddım.

Daha sonralar anladım ki, xalq şerimizin hikməti dəryalar dərinliyi, göylər sonsuzluğu qədərmiş.

Bu yazdıqlarımın ən cavanının iyirmi, ən ahılı isə cavanınnan qırx dörd, qırx beş yaş böyükdü. İyirmi yaşlılar tələbə yaşının şeirləridi. Bilmirəm, bunlar indi bir tələbə könlünü qanadlandıra biləcək, ya yox? Bunları sevən bir tələbə oxuyacaq, ya yox? Məlum olan budu ki, bu şeirlər kitaba yığılannan sonra da dəfələrlə özüm oxuyacağam, sonra bir ömür səhifələri kimi örtüləcək.

Yəqin ki, tələbə sevgisinin ünvanı kimi o qız da bu şeirləri heç vaxt oxumayacaq.

Bu ön söz də, demək istədiklərim, ama deyə bilmədiklərimin hamısı da, bu təkəmseyrək yazılan şeirlər də özümün özümə hesabatım, özümün özümə demək istədiklərim, verəcək suallarımdı. Suallarsa cavabı yox tənliklər kimidi.

Hər halda əvvəlin şeirləri ömrümün əvvəli kimidi.

Daha yaşlılar isə ölüm ayağının şeirləri olmasa da, sonun şeirləri kimi qalsın.

 

 

Tahir Talıblı

yanvar, 2013

Tahir Talıblı

Tahir Talıblı sözün qüdrətinə inanan, onun tənsibini çəkən şairdir. Bu gücə söykənərək o özünün söz dünyasını qurub.

Kitabda müəllifin müxtəlif illərdə yazdığı şeirlər toplanıb. Bu şeirlərdə Vətən, torpaq həsrəti, yurd nisgili, yuvasından perik düşmüş insanların çəkdiyi ağrılar, acılar bəxt sözün vasitəsi ilə aydın verilir.

Bununla yanaşı kitabda toplanmış şeirlərdə tələbəlik illəri, bu illərə xas yaşantılar, duyğular,  həyəcanlı anlar canlandırılır, oyadılan nostalji hisslər insanı bir də ömrün gənclik çağlarına qaytarır.

Poetik nümunələrdə həm də bu günümüzün ən aktual problemlərinə işıq salınır, bunların bədii həlli axtarılır.